Oktyabrın 4-də Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

Toplantını MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin 24 sentyabrda keçirilən VIII qurultayında seçilmiş üzvlərinə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsində rolundan söz açaraq bildirib ki, qurum indiyədək bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Sonra MŞ-nin strukturları formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü – Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü – ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər. 

R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.

İclasda MŞ Nəzarət-Təftiş Komissiyasının (NTK) 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarına uyğun olaraq “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri kimi təsdiqlənib.

İclasda həmçinin MŞ-nin komissiyaları tərkibi ilə bağlı müvafiq qərarlar qəbul olunub.