Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti nəşr layihəsi – “Uşaqların Nizami Gəncəvi dünyası” kitabın işıq üzü görüb.

Fonddan bildirilib ki, kitabda türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin uşaqlar üçün müxtəlif illərdə işlənmiş variantları yer alıb. Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə və digər görkəmli ədiblərin ərsəyə gətirdiyi bu nümunələr “Xəmsə”dəki yüksək insani xüsusiyyətlərin tərənnüm olunduğu tərbiyəvi əhəmiyyətə malik əsərləri uşaqlara daha anlaşıqlı şəkildə təqdim edir.

Nəşr layihəsinin rəhbəri və ön sözün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.

Kitab türk dünyasının milli-mənəvi dəyərlərini, eləcə də əcdadlarımızdan bizlərə miras qalan əxlaqi keyfiyyətləri müasir dövrdə yetişən yeni nəsillərə aşılamaq məqsədi daşıyır.

Topluda Nizaminin “Xəmsə”sindəki poemalardan  “Sehrli üzük”, “İki rəssam”, “İlin fəsilləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nurşirəvan və bayquşların söhbəti” və digər hekayətlər yer alıb.