Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı əvvəlcə yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Məlumat verilib ki, uzunluğu 44,5 kilometr olan yolda ümumi iş həcminin 75 faizi icra olunub.

Sonra Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Qeyd olunub ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, digər obyektlər yaradılacaq. Mərkəzdə mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub, peşəkar və həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və çövkən yarışları üçün meydança layihələndirilib.

Prezident və birinci xanım Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin təməlqoyma mərasimlərində də iştirak ediblər.

Bildirilib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 1500 ailənin məskunlaşması, birinci mərhələdə 719 fərdi evin tikintisi planlaşdırılır. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində isə 639 ailənin məskunlaşması, birinci mərhələdə 290 fərdi evin inşa edilməsi nəzərdə tutulur. Hər iki kənddə tikinti işləri 2024-cü ildə tamamlanmalıdır.

Dövlət başçısı və birinci xanım daha sonra Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. Həmçinin Ağdam şəhərində inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmiryolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimləri də keçirilib.