Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsinin növbəti qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor Rasim Balayev olub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq rəssamı Əşrəf Heybətov, rayon ictimaiyyəti və sənətsevərlər iştirak ediblər.

Baş idarədən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı Günay Firudinqızı sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. Sonra Rasim Balayevin çəkildiyi “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Cavid ömrü” və başqa filmlərdən fraqmentlər nümayiş olunub.

Rasim Balayev sənət yolundan, milli kinematoqrafın hazırkı vəziyyətindən söz açıb, kinoda yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışıb və iştirakçıları maraqlandıran suallara cavab verib.

Xəzər rayon icra başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev aktyorun Azərbaycan kino sənətinə töhfələrindən bəhs ediblər. Qeyd olunub ki, onun çəkildiyi filmlər Azərbaycan kinosunun parlaq səhifələrini təşkil edir.