“Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası” çərçivəsində Azərbaycan Respublikasında həyata keçirilən mədəniyyət siyasətinə dair qısa icmal hazırlanmışdır. Müvafiq veb-portalda (https://www.culturalpolicies.net/2022/09/29/first-short-profile-of-azerbaijan/) yerləşdirilən və hesabat-məruzə formatında hazırlanmış icmal aşağıdakı mövzuları əhatə edir:

mədəniyyət siyasətinin inkişaf fonu, mədəniyyət siyasəti sisteminin məqsədləri, əsas xüsusiyyətləri və təşkilati quruluşu;

mədəniyyət siyasəti sahəsində əsas məsələlər, debatlar və perspektivlər, habelə beynəlxalq mədəni əməkdaşlıq;

sektor və sahələr üzrə mədəniyyət müəssisələri;

müqayisəli cədvəllərə daxil ediləcək ölkəyə aid məlumatlar;

milli və beynəlxalq mədəniyyət qanunvericiliyi.

Məlumat üçün bildirək ki, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr və təhlillər müvafiq veb-portalda yerləşdirilir. Azərbaycan tərəfi bu layihəyə 1999-cu ildən qoşulub.

Layihənin təşkilati formatı dəyişdirildikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci ildən etibarən nazir Anar Kərimovun təşəbbüsü ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tamhüquqlu üzvlüyünə qəbul olunub (https://www.culturalpolicies.net/about/our-members/).

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanan milli məruzələr, müqayisəli təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və peşəkar istinad mənbəyini təşkil edir (https://www.culturalpolicies.net/database/search-by-country/). Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünyanın siyasi, yaradıcı və intellektual ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanlar yaradır.