Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın  “Tarixə adını yazan qadınlar” üçcildliyinin imza mərasimi keçirilib.

Tədbirdə giriş sözü söyləyən Qənirə Paşayeva kitab və mütaliənin əhəmiyyətindən bəhs edib: “Kitab bir vərdişdir. Bu vərdiş çox kiçik yaşlarında uşaqlara aşılanmalıdır. Ona görə mən bütün ailələrə buradan bir çağırış edirəm. Müxtəlif ölkələrdən nəşriyyatlar burada öz kitabları ilə təmsil olunur. Bu çox böyük bir hadisədir ki, siz bura gəlib fərqli mədəniyyətlərin, ölkələrin kitabları ilə tanış olursunuz. Siz övladlarınızı sərgiyə gətirsəniz, bu onların yaddaşında silinməz izlər qoyacaq. Çünki aldığı hər kitab, o kitabların müəllifi ilə olan görüşlər uşaqların hafizəsində əbədi qalacaq”.

“Tarixə adını yazan qadınlar” üçcildliyi haqqında məlumat verən millət vəkili bildirib ki, bu kitab dünya ölkələrindəki qadınlarla yanaşı, Azərbaycan tarixində özünəməxsus imzasını qoyan qadınlardan bəhs edir. Azərbaycanın ilk qadın hökmdarı Tomris, ilk qadın diplomat Sara Xatun, hamımıza öz zərifliyi, uzaqgörənliyi ilə örnək olan birinci xanım Mehriban Əliyevadan və tariximizdə, mədəniyyətimizdə öz sözünü deyən digər xanımlardan bəhs edir.

Qənirə Paşayeva deyib ki, bu kitab onu mütaliə edən hər kəsə yüksək motivasiya aşılayır. “Mən hər şeyi bacaracam” devizi kitabın əsas ideyasıdır ki, insana əzm, iradə və yüksək həyat eşqi bəxş edir. 

Təqdimatın sonunda müəllif kitabı oxucular üçün imzalayıb. Qeyd edək ki, kitabların satışından əldə olunan vəsait uzun illərdir sonsuzluq problemindən əziyyət çəkən 4 ailəyə veriləcək.