Xəbər verildiyi kimi, Xocavənd rayonunun işğaldan azad olunmuş Edilli kəndində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların basdırıldığı növbəti kütləvi məzarlıq aşkar edilib.

Oktyabrın 6-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri  kütləvi məzarlığa baş çəkiblər. Müvafiq dövlət qurumlarının əməkdaşları onlara kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış insan qalıqları ilə bağlı ətraflı məlumat veriblər.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, kütləvi məzarlıqda ayaqları bağlanmış 12 nəfərin sümükləri aşkarlanıb: “Bizdə olan məlumata görə, Edillidə onlarla vətəndaşımız qətlə yetirilərək bu ərazilərdə basdırılıb. İndiyədək 25 şəxsə aid qalıqlar tapılıb. Axtarış işləri davam etdirilir”.

İlkin qənaətə görə, kütləvi məzarlıqda əsirlikdə öldürülən azərbaycanlı hərbçilər basdırılıb: “Hamısının ayağında “press ipi” var. Onların bəzilərində dəlik də var. Bu hal da laboratoriyada araşdırılacaq. Baş Prokurorluq hər bir qalıq barədə rəy verəcək. Ekspertiza zamanı qoyulan suallara aydınlıq gətiriləcək”.