Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) məşhur rus şairi Sergey Yeseninə (1895-1925) həsr olunmuş musiqili-bədii gecə təşkil olunub. Tədbirdə şairin yaradıcılığının müxtəlif nəsillərdən olan pərəstişkarları iştirak ediblər.

Bədii rəhbəri Larisa Tarusova olan “Günay” uşaq teatrının üzvləri Yeseninin təbiətə həsr olunmuş şeirlərindən ibarət kompozisiya təqdim ediblər.

Azərbaycan Mədəniyyət Fondu sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı da şairin şeirlərini söyləyib. Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rusiyalı şair, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədov və gənc aktrisa Lalə Həsənova şairin həyat və yaradıcılığından söhbət açıblar.

Tədbirdə Yesenin muzeyinin (AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  tərkibində S.Yesenin adına Azərbaycan-Rusiya ədəbi əlaqələr mərkəzi) direktoru Natəvan Mustafayeva və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina da çıxış ediblər.