Xəbər verildiyi kimi, paytaxtın Səbail rayonunda, Neftçilər prospekti 51 ünvanındakı tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir işləri aparılır. Təmir işləri həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sözügedən quruma xəbərdarlıq edilmişdi.

Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub. Qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy veriləcək.