Avropa Komissiyasının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda rektorlar konfransının yaradılması” adlı “Erasmus+” layihəsi üzrə ilk təlim proqramı Fransada təşkil edilib.

Fransa Beynəlxalq Təhsil Təşkilatında keçirilən tədbirə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, prorektorları, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, digər səlahiyyətli universitet nümayəndələri qatılıblar.

Azərbaycan Turizm və Menecment Universitetin verilən məlumata görə, tədbirdə prorektor Zaur Bağırov və şöbə müdiri Səidə Məmmədova iştirak ediblər.

Tədbirdə iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb. Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda çıxışı zamanı “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimat edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəndə təcrübələrini bölüşüb.