Oktyabrın 4-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının ölkəmizdə səfərdə olan xarici işlər naziri şahzadə Feysal bin Fərhan əl-Səud tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Ceyhun Bayramov 30 il ərzində iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini bildirib. Səudiyyə Ərəbistanının hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi deyən nazir ölkələrimizin regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığının olduğunu söyləyib. Hazırda postmünaqişə dövründə Azərbaycanın bölgədə sülh quruculuğunun tərəfdarı və təşəbbüskarı qismində çıxış etdiyi diqqətə çatdırılıb.

Feysal bin Fərhan əl-Səud iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, hazırda Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra birgə layihələrin uğurla icra olunmasından məmnunluqla bəhs edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

Sonda iştirakçılar Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanıyıb. 1992-ci il fevralın 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulub.