“Hər bir xalqın böyüklüyü onun ədəbiyyatının zənginliyi və kitaba münasibətindən də asılıdır”

 

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 8-ci dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumlarını, ən nəhayət, oxucuları bir araya gətirib.

Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Mərasimdə giriş sözü söyləyən Baş nazirin müavini Əli Əhmədov qonaqları salamladı. Qeyd etdi ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan atributlardan biridir: “Əsrlər boyu kitab insanı müşayiət edib, onlara biliklər verib. Hətta göylərdən gələn məsləhətlər, müqəddəs kəlamlar da insanlara kitablar vasitəsilə çatdırılıb. Doğrudur, bugünkü dövrdə elm və texnikanın inkişafı ilə əlaqədar insan həyatında kitabın rolunu oynayan digər vasitələr meydana gəlib. Bütün bunlara baxmayaraq kitab insan həyatında yenə də öz yerini tutmaqdadır”.

Dövlətimiz tərəfindən elmə, kitaba böyük diqqət yetirildiyini söyləyən Əli Əhmədov Azərbaycanın kitabla bağlı illər boyu formalaşmış ənənələrinə hər zaman sadiq olduğunu vurğuladı: “Bunun bariz nümunələrindən biri artıq səkkizinci dəfədir ki, ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisidir. Ümid edirəm ki, sərgi kitabın təbliğinə və yayılmasına öz töhfəsini verəcək”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, hər bir xalqın böyüklüyü, onun ədəbiyyatının zənginliyi həm də kitaba və nəşriyyata olan münasibətindən asılıdır: “Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına zəngin töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər”.

Nazir vurğuladı ki, mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ədəbi irsimizə, kitaba diqqət və qayğı göstərib: “Böyük şair və mütəfəkkirlərimizin adları əbədiləşdirilib, təbliği istiqamətində mühüm addımlar atılıb. 1982-ci ildə ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsi Azərbaycan milli ədəbiyyatının təntənəsi idi. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Torpaqlarımızın düşməndən azad edilməsindən sonra Şuşada 2021-ci ildə Vaqif Poeziya Günləri bərpa olundu və bu il ikinci dəfə gerçəkləşdi. Bu il Azərbaycan ədəbiyyatının dörd görkəmli nümayəndəsi – Xurşidbanu Natəvanın 190, Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin isə 150 illiyi dövlət səviyyəsində qeyd edilir. Natəvanın yubileyi münasibətilə “Məclisi-üns” ədəbi məclisi azad Şuşada bərpa edildi”.

Sərgi haqqında danışan Anar Kərimov bildirdi ki, “Şuşa İli”nə həsr olunan kitab bayramında 10-dan çox ölkə, 100-dən artıq yerli və xarici nəşriyyat iştirak edir. Beş gün davam edəcək sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbir təşkil olunacaq: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, builki sərgimizin fəxri qonağı qardaş Türkiyə Cümhuriyyətidir. Sərgidə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Biz əminik ki, Türkiyənin bu sərgidə iştirak etməsi iki ölkə arasında kitab dövriyyəsi, kitab sənayesi və ədəbiyyatla bağlı bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.

Anar Kərimov çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzuladı.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırdı. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin bütün xalqımızın, ən əsası isə yazıçıların bayramı olduğunu söylədi.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi. Tədbir iştirakçıları sərgi məkanı, stendlərlə yaxından tanış oldular.

Oktyabrın 9-dək davam edəcək VIII Bakı Beynəlxalq Kitab Sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Nurəddin