Mədəniyyət naziri BDU və ADMİU-nun məzunları ilə görüşüb

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin maraqlı tədbir və təqdimatlardan ibarət zəngin proqramı var. Oktyabrın 5-də sərgi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşü keçirildi.

Bakı Ekspo Mərkəzində gerçəkləşən görüşdə çıxış edən Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana-informasiya sahəsi üzrə apardığı islahatlardan söz açdı. Dedi ki, hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində işçilərin 20 faizi ixtisaslı kadrlardır: “Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”.

Nazir bildirdi ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub: “Sizlər bu prosesin ilk iştirakçılarısınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz”.

Anar Kərimov məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı vurğuladı ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndər Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət naziri Anar Kərimovun məzunlarla bugünkü görüşünü də bu ənənələrin davamı kimi yüksək qiymətləndiririk. Mən ilk dəfə bizim fakültənin məzunlarının nazir səviyyəsində qəbulunun şahidi oluram”.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qeyd etdi ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli diqqətə çatdırdı ki, hər iki universitet üzrə 2021-2022 tədris ilinin 178 nəfər məzunu arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirildi.