Milli Kitabxana VIII Bakı Beynəlxalq Kitab Sərgisində zəngin stendlə təmsil olunur. Sərginin ilk günü “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” kitabının, “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər, yerli və xarici qonaqlar təqdimatda iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara stendin müxtəlif bölmələrindəki kitablar, kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” elektron bazası haqqında məlumat verib.

Milli Kitabxana tərəfindən hazırlanmış “Şuşa tarixi mənbələrdə” biblioqrafiya kitabından da söz açan direktor bildirib ki, bu, kitabxananın Şuşaya həsr olunan ikinci biblioqrafik nəşridir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, biblioqrafiya kitabı Qarabağın, onun tacı olan Şuşa şəhərinin tarixinin öyrənilməsində tədqiqatçılar üçün bələdçi rolunu oynayacaq. O həmçinin diqqətə çatdırıb ki, Ədəbiyyat İnstitutu Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Qarabağa kitabla gedək!” kampaniyasına qoşularaq 1000 nüsxəyə yaxın kitab hədiyyə edib.

Oktyabrın 6-da sərgidə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının, eləcə də “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi biblioqrafiyanın Natəvanın yubileyinə bir töhfə olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Federov bildirib ki, təqdim edilən biblioqrafiya rus tədqiqatçıları üçün də qiymətli nəşrdir.