Respublika Gənclər Kitabxanası da VIII Bakı Beynəlxalq Kitab Sərgisinə 200-dək adda   kitab gətirib. Onların arasında kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” nəticəsində əldə edilən kitablar üstünlük təşkil edir.

Bundan əlavə, kitabxananın stendində Fikrət Əmirovun 100, Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileylərinə və “Şuşa İli”nə həsr olunun nəşrlər yer alır.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Əziz Ələkbərli, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Albaniyanın “Fan Noli” nəşriyyatının direktoru Rexhep Hida və başqaları kitabxananın stendini ziyarət ediblər.

Oktyabrın 7-də Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda 20-yə yaxın gənc yazarın Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş əsərləri toplanıb.