Mədəniyyət naziri Milli Şəhərsalma Forumunda çıxış edib

 

Xəbər verildiyi kimi, 5-6 oktyabr tarixlərində BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən bu sahə üzrə mütəxəssislərin təcrübələrini bölüşməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından nadir və uğurlu platformadır.

Oktyabrın 5-də Ağdamda işə başlayan forum ayın 6-da Bakıda ADA Universitetində mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla işini davam etdirib.

“Mədəni və tarixi irsin postkonflikt dövründə bərpası” mövzulu sessiyada çıxış edən mədəniyyət naziri Anar Kərimov deyib ki, 30 il ərzində Ermənistanın işğalı altında qalan ərazilərimizdə Azərbaycanın mədəni irsi dağıdılıb, mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra burada xarabalıqlar, vandallıq aktları aşkarlanıb. Nazir bildirib ki, bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir.

Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan ilkin monitorinqlər barədə danışan Anar Kərimov diqqətə çatdırıb ki, təhlillər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq olunub. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi aşkar olunub.

Anar Kərimov əlavə edib ki, hazırda nazirliyin əməkdaşları monitorinq apararkən mina təhlükəsi ilə qarşılaşırlar. Bu səbəbdən prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Nazir qeyd edib ki, hazırda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində üç məscid və iki kilsə bərpa olunur. “Bununla da Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan edir. Hər bir mədəni irs nümunəsi Azərbaycan üçün əhəmiyyətlidir, dəyərlidir. Çünki bu irs yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur”, – deyə Anar Kərimov əlavə edib.