Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər. Səfər zamanı rayonun işğaldan azad olunmuş ərazilərində, o cümlədən Ağdam şəhərində bərpa-quruculuq və infrastruktur layihələri ilə bağlı təməlqoyma mərasimləri olub.

Prezident və birinci xanım Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Məlumat verilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı və İmarət kompleksidir. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, kompleksin bərpası işlərinə başlanılıb. Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti tərəfindən hazırlanıb. Kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Bianki rəhbərlik edəcək. O, vətəni İtaliyada, eləcə də Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və s. ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərib, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə və proqramlarda mütəxəssis kimi iştirak edib. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan vəsaitin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Sonra Prezident və birinci xanım XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb. Qəbirüstü abidə özünün ilkin görkəmi əsasında heykəltəraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbirüstü abidənin önünə gül dəstələri qoyublar.