5-7 oktyabr tarixində İndoneziyanın Bali adasında “İnklüziv yaradıcılıq. Qlobal bərpa” mövzusunda Yaradıcı İqtisadiyyat üzrə III Dünya Konfransı keçirilir. Konfransda yaradıcı sənayelərin iqtisadiyyatda rolunun artırılması, o cümlədən sahəvi inkişaf proseslərinin təmin olunması ilə bağlı müzakirələr aparılır.

Konfransın 6 oktyabr tarixində keçirilən Nazirlər sessiyasında Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onlayn formada iştirak edib.

Sessiyada çıxış edən Elnur Əliyev ölkəmizdə mədəniyyət və yaradıcı sənayelər sahəsində baş verən son proseslər, nazirliyin bu istiqamətdə yanaşması, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə yaşayış və mədəniyyətin qayıdışından bəhs edib.

Sonda “Bali baxışı. Yaradıcı İqtisadiyyat üçün Yol Xəritəsi” başlıqlı sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub.