Oktyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) İdarə Heyətinin iclası keçirilib. ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin iştirakı ilə keçən iclasda ittifaqın 2022-ci ilin I yarısında keçirilmiş tədbirlərinin hesabatı dinlənilib, ilin sonunadək nəzərdə tutulmuş yeni tədbirlər planı müzakirə edilib.

Müzakirə zamanı görkəmli Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi xüsusi qeyd edilib. Bildirilib ki, ABİ-də Əşrəf Abbasovun və Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konfrans və konsertlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin ABİ-nin təşkilatçılığı ilə Almaniyada və İsveçrədə dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.  

Bəstəkarlar İttifaqının fəaliyyətinin prioritet istiqaməti olaraq gənclərin yaradıcılığına xüsusi diqqət göstərilir. Noyabr ayında Zəfər Gününə həsr olunmuş “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenum”un keçirilməsi nəzərdə tutulur.

İdarə Heyətinin iclasında öz yaradıcılıqları ilə fərqlənən beş gənc – bəstəkarlar Elvin Quliyev, Yusif Bayramov və Vəfa Bağırzadə, musiqişünaslar Leyla Quliyeva və Həbibə Məmmədova  Azərbaycan Bəstəkarlar İttifaqına  üzv qəbul ediliblər.