İlber Ortaylı kitabını Bakıda təqdim edib

 

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində məşhur türkiyəli  tarixçi, elm xadimi İlber Ortaylının “Azərbaycan və qədim şəhərləri” (“Azerbaycan ve kadim şehirleri”) kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda çıxış edən müəllif bildirib ki, Türkiyə ilə Azərbaycan, sadəcə, siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.

İlber Ortaylı çıxışında türk ədəbiyyatı və tarixi ilə bağlı bir çox konseptual məqamlara toxunub. Alim XIV-XV əsrlərdə yaşamış hürufizm tərəfdarı İmadəddin Nəsimidən bəhs edərkən mütəfəkkir şairin ədəbi dili zənginləşdirmək üçün danışıq dilində və şifahi xalq ədəbiyyatındakı bənzətmə, kəlam və deyimlərdən istifadə etdiyini vurğulayıb. Bildirib ki,  Nəsiminin müasirləri Mustafa Zərir, Qazi Bürhanəddin, Qasım Ənvar və Qiyasəddin Əhməd türk dilində yazıblar.

Alim bildirib ki, XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü Azərbaycan dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl Xətaidən başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında Azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Dövrün qızılbaş eliti linqvistik ideologiya və Azərbaycan dilində ədəbiyyatın inkişafına öz töhfəsini verib. Bu dövrdə İraqda yaşamış, azərbaycanca, farsca, ərəbcə yazan Məhəmməd Füzuli Azərbaycan poeziyasının klassiki hesab edilir.

Tarixçi alim ona ünvanlanan sualları cavablandırıb, iki qardaş ölkənin tarixi-ədəbi mətnlərini ortaq ədəbiyyat kontekstindən təhlil predmetinə çevirib.

Sonda İlber Ortaylı kitabını oxucular üçün imzalayıb.