Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın kitabının oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı keçirilib. Kitabı özbək dilinə özbəkistanlı şairə Şəhla Qasımova tərcümə edib.

Təqdimat mərasimində AMM-in direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.

Bildirilib ki, nəşrdə Natəvanın əsərləri həm Azərbaycan, həm də özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdiyi rəsmlər kitabda əksini tapıb.

Diqqətə çatdırılıb ki, akademik Rafael Hüseynovun ön söz yazdığı kitab “Şuşa İli” münasibətilə nəşr edilib.

Qeyd edək ki, sərgidə Özbəkistandakı Heydər Əliyev adına AMM-in stendində Azərbaycana dair özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.