Mədəniyyət naziri Anar Kərimov oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.

Qonaqları səmimi salamlayan nazir Anar Kərimov Türkiyənin sərgidə geniş tərkibdə, həm də “fəxri qonaq ölkə” kimi iştirakından məmnunluğunu bildirib. Nazir bu kimi tədbirlərin iki ölkənin qardaşlıq bağlarının daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyini vurğulayıb.

TÜRKSOY-un 2023-cü ildə Azərbaycanın Şuşa şəhərini “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməsinin xalqımıza böyük qüruru hissi yaşatdığını söyləyən Anar Kərimov Türk dünyasının zənginliyini göstərmək üçün bu kimi birgə layihələrin əhəmiyyətini qeyd edib. Nazirliyin mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstək göstərməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Bakı Beynəlxalq Kitab Sərgisində iştirakından böyük məmnunluğunu bildirib, yüksək təşkilatçılığa görə nazirə təşəkkür edib. O, Türkiyənin bu sərgidə “fəxri qonaq ölkə” kimi iştirakının iki ölkə arasında münasibətlərin davamlı inkişafından xəbər verdiyini söyləyib, bu kimi layihələrin beynəlxalq səviyyədə daha geniş şəkildə təqdim edilməsinə ümidvar olduğunu bildirib.

Görüşdə mədəniyyət sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonda Anar Kərimov 2022-ci ildə Şuşanın 270 illiyi münasibətilə nazirlik tərəfindən təsis olunan xatirə nişanını Serdar Çama təqdim edib.

***

Nazir Anar Kərimov oktyabrın 5-də İranın mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd ilə də görüşüb.

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində gerçəkləşən görüş zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

İranın kitab sərgisində iştirakını yüksək qiymətləndirən Anar Kərimov belə tədbirlərin yazar və naşirlər arasında körpü rolunu oynadığını vurğulayıb, İranın Azərbaycandakı Səfirliyi və İran Mədəniyyət Mərkəzi vasitəsilə ölkələrimiz arasında mədəni əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

Sərgiyə dəvətə görə təşəkkürünü bildirən Yasər Əhmədvənd qarşılıqlı əməkdaşlıq çərçivəsində Anar Kərimovu 2023-cü ilin may ayında Tehranda keçiriləcək beynəlxalq kitab sərgisinə dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi aparılıb.