Türkiyə VIII Bakı Beynəlxalq Kitab Sərgisinə geniş heyətlə qatılıb. Qardaş ölkəni sərgidə 40 nəşriyyat təmsil edir. Oktyabrın 5-də sərgi məkanında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin stendinin açılış mərasimi olub.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam bildirib ki, son zamanlar ölkədə kitaba olan maraq artıb. Müxtəlif dillərdə kitablar türk dilinə tərcümə edilir. O, Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edib, sərgidə iştirak edən nəşriyyatlara və sərgiyə qatılan yazarlara uğurlar arzulayıb.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Türkiyənin bu sərgidə geniş heyətlə iştirak etməsi hamını sevindirir: “İnanıram ki, bu sərgi nəşriyyatlar arasında da işbirliyi yaradacaq. Azərbaycan da bu il İstanbulda təşkil olunacaq kitab sərgisinə fəxri qonaq qismində dəvət olunub. Biz bu dəvəti məmnuniyyətlə qəbul etmişik”.

Anar Kərimov “İrəvan necə varsa – keçmişdən bu günə” kitabını Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylıya bağışlayıb.

Baş nazirin müavini Əli Əhmədov deyib: “Bu cür tədbirlər qardaşlığımızı daha da möhkəmləndirir və illər keçdikcə bu birlik daha da möhkəmlənəcək. Türkiyənin tədbirdə belə geniş şəkildə iştirak etməsi bizim üçün qürurdur”.

Sonra klassik türk musiqisindən nümunələr səsləndirilib.