Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rusiya stendinin də açılışı olub.

Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Kitab sənayesi departamentinin rəhbəri Vladimir Qriqoryev, “Rossotrudniçestvo” agentliyinin nümayəndəsi İrek Zinnurov və yazıçı Yevgeniya Vodolazkina çıxış ediblər.

Bildirilib ki, Azərbaycan unikal yerdir. Bu torpaqda tarix boyu müxtəlif xalqlar bir araya gəliblər. Azərbaycan indi də xalqları bir yerə toplayır, bir-birlərini başa düşməyə çağırır, onlara multikultural dəyərlər aşılayır.

Rusiya Federasiyası stendində müxtəlif tədbirlər təşkil olunur. Yazıçı Afanasi Mamedovla şair Alina Talıbova arasında Bakı haqqında dialoq keçirilib. Oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Nina Daşevskaya və “Literaturnaya qazeta”nın redaktoru Maksim Zamşevin iştirakı ilə “ədəbiyyatda musiqi” mövzusunda müzakirə keçirilib.