Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi çoxsaylı təqdimatlardan biri də çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabı ilə bağlı olub. Kitabda gənc yazarların Vətən müharibəsində şanlı Zəfərə həsr olunan şeir, esse və hekayələri toplanıb.

Oktyabrın 7-də gerçəkləşən təqdimatda Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov nəşrin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabın adı müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müjdəsini Azərbaycan xalqına çatdırarkən dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürülüb.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Azərbaycanın şanlı Zəfər tarixinə həsr olunan kitabların əhəmiyyətindən danışaraq, bu nəşrlərin gələcək nəsillərə bir örnək, xatirə olacağını qeyd edib.

Kitabın tərtibçisi və redaktoru Fərid Hüseyn topluda əsərləri yer alan gənc şair və yazıçılar haqqında məlumat verib. Bildirib ki, kitab Emin Pirinin “Sən azadsan!” şeiri ilə başlayır. Gənc yazarlar Şahanə Müşfiq, İntiqam Yaşar, Gülnar Səma, Nargis şeirlərini oxuyublar. Emin Piri, Ramil Əhməd azad Şuşaya səfərləri haqqında danışıblar.

Qeyd edək ki, kitabda Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibə mövzusunda 20-yə yaxın gənc yazarın əsərləri toplanıb. Kitabın layihə rəhbəri və ideya müəllifi Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovdur. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitaba ön söz yazıb.

Qeyd edək ki, sərgi müddətində Gənclər Kitabxanasının stendini çoxsaylı oxucularla yanaşı, tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri də ziyarət ediblər. Kitabxananın əməkdaşları ziyarətçilərə stenddə sərgilənən incəsənət, tarix, bədii ədəbiyyat və s. sahələri əhatə edən kitablar haqqında məlumat veriblər. Kitabxana VIII Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçıları tərəfindən sertifikatla təltif edilib.