VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 7-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcının “Yokuşun çocukları” kitabının yeni nəşrinin təqdimatı və imza saatı təşkil olunub.

Təqdimatda çıxış edən səfir Cahit Bağcı kitab bayramının təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib: “Azərbaycan kitaba verilən dəyər məsələsində ən öndə olan ölkələrdəndir. Əvvəlki sərgidə kitabımın ilk nəşrinin burada stendə imza saatını keçirmişdik, bu gün də növbəti nəşrin imza saatına toplanmışıq. Biz bu layihələrin davamlı olmasını arzulayırıq. Kitabı yaşatmaq çox önəmlidir. Kitab insanın ən yaxın dostudur. Əslində, kitabı rəqəmsal da oxumaq mümkündür, amma kitaba toxunmaq daha önəmlidir”.

Səfir qeyd edib ki, “Yokuşun çocukları” kitabında Türkiyənin 1970-80-ci illərdəki həyatından, keçdiyi çətinliklərdən danışılır. Kitab eyni zamanda sosial tarix və bioqrafik səciyyə daşıyır.

Daha sonra Cahit Bağcı kitabını tədbir iştirakçıları üçün imzalayıb.