ADPU-nun professoru Elman Quliyevin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” kitabı VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim edilib.

Tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq Azərbaycan klassik ədəbiyyatının özbək dilinə tərcüməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə AMM-nin layihəsi ilə 100-dən çox nəşr özbək dilində nəşr işıq üzü görüb. Samir Abbasov professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı tədqiqat əsərinin əhəmiyyətindən danışaraq, nəşrin özbək tədqiqatçılar, habelə qardaş ölkədə fəaliyyət göstərən universitetlərin müvafiq fakültələrində əlavə dərs vəsaiti kimi faydalı olacağını vurğulayıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm nəşrin tədqiqat üçün maraqlı mənbə olduğunu və türkdilli ölkələrdə yayılmasının vacibliyini qeyd ediblər.

Professorlar Yaqub Babayev, Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, yazıçı-publisist Nurəddin Ədiloğlu kitabın özbək dilində nəşrinin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, kitab Özbəkistanın Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin qərarı ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilib.

Sonda müəllif Elman Quliyev türk xalqları ədəbiyyatının öyrənilməsindən danışaraq, nəşrin Azərbaycan-özbək elmi-mədəni əlaqələrinə də töhfə olacağını deyib. Müəllif kitabın özbək dilində nəşrinə görə Heydər Əliyev adına AMM-yə minnətdarlığını bildirib.