VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək məqsədilə ölkəmizə gələn İranın mədəniyyət və islami irşad nazirinin müavini Yaser Əhmədvənd oktyabrın 7-də Milli Kitabxanada olub.

Millik Kitabxananın direktoru Kərim Tahirov iki ölkə arasında kitabxana işi sahəsində əməkdaşlıqdan danışaraq ötən il İran Milli Kitabxana və Arxivi ilə Azərbaycan Milli Kitabxanası memorandumun imzalandığını deyib.

Direktor qonaqlara kitabxana haqqında ümumi məlumat verib. Bildirib ki, Milli Kitabxana ölkənin ən zəngin kitabxanasıdır. Kitabxananın fondu, həyata keçirilən avtomatlaşdırma prosesləri, onlayn xidmətlər və s. haqqında söz açan direktor bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə əməkdaşlıq edir. Pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada 7 milyona yaxın oxucuya xidmət göstərib. Onların içərisində İrandan olan oxucuları da var.

K.Tahirov Azərbaycan və İran milli kitabxanaları arasında kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Azərbaycanda ilk dəfə olduğunu bildirən Yaser Əhmədvənd burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, İranda nəşriyyat işi çox inkişaf edib, təxminən 100 minə yaxın kiçik və böyük kitabxana fondu fəaliyyət göstərir. Nazir müavini Azərbaycan Milli Kitabxanasını gələn il keçiriləcək Tehran Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub və xatirə şəkili çəkilib.