Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda “44 günlük Vətən müharibəsi: Böyük Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı, Ege Universitetinin, eləcə də Türkiyədən Məzun olan İş Adamları və Ziyalılar Platformunun dəstəyi ilə baş tutub.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirin rəsmi hissəsində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri, professor Nedim Məcid, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Ege Universitetinin rektorunun müavini Mehmet Ersan çıxış ediblər. Bildirilib ki, Azərbaycanın Zəfəri həm də türk dünyasının tarixində şanlı bir səhifə, “Bir millət, iki dövlət!” olaraq hər birimizin, eyni zamanda haqqın, ədalətin Qələbəsidir.

Baş konsul bildirib ki, 2020-ci il Azərbaycan tarixinin dönüm nöqtəsi oldu, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan 30 illik işğal dövrü ərzində hər zaman beynəlxalq hüquqa güvəndi, lakin bunun qarşılığında Ermənistan bütün hüquqları tapdadı. Buna cavab olaraq otuz il əvvəl analarının qucağında doğma torpaqlarından çıxarılan körpələrimiz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında birləşərək müzəffər ordu kimi doğma yurdlarına döndülər. Hazırda Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Bu Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, həm də bölgənin sabitliyi və gələcəyi baxımından çox vacibdir.

Konfrans işini panel iclasla davam etdirib.

İnstitutun türk dünyası sosial, iqtisadi və siyasi əlaqələr bölməsinin rəhbəri professor Vəfa Qurbanın moderatorluğu ilə keçirilən iclasda Türkiyə Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur və Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsinin professoru Toğrul İsmayıl tarix boyu ermənilərin türk millətinə qarşı apardığı təcavüzkar siyasət, Vətən müharibəsində əldə edilən Qələbədən sonra bölgədə sabitlik və inkişaf üçün yaranan fürsət, erməni diasporunun əsassız iddiaları, Azərbaycanın enerji sahəsində inkişafı kimi mövzularda məruzələrlə çıxış ediblər.