Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yeni nəşrini təqdim edib

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda Nizami Gəncəvinin əsərləri əsasında müxtəlif illərdə uşaqlar üçün işlənmiş hekayə-rəvayətlər toplanıb.

Bakı Ekspo Mərkəzinin “Xuşidbanu Natəvan” təqdimat zonasında keçirilən tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq paytaxtımızın növbəti dəfə ev sahibliyi etdiyi beynəlxalq sərginin əsl kitab bayramı olduğunu bildirib. Qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sərgidə nümayiş etdirdiyi nəşrlər Türk dünyasının zəngin irsinin təbliği və tanıdılması məqsədi daşıyır. Təşkilat tərəfindən həyata keçirilən layihələrin bir istiqaməti də yeni nəsillərə Türk dünyasının çoxəsrlik mədəniyyətinin, dəyərlərinin aşılanmasıdır. Fond tərəfindən hazırlanan “Uşaqların Nizami Gəncəvi dünyası” kitabında ötən əsrin 40-cı illərindən başlayaraq Azərbaycanın görkəmli ədiblərinin, o cümlədən Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadənin dahi Nizami Gəncəvinin əsərləri əsasında uşaqlar üçün yazdıqları nağıllar toplanıb. Vaxtilə kiçik kitabçalarda çap olunaraq, nəsillərdən – nəsillərə ötürülən bu əsərlər oxucuları öz uşaqlığına qaytaracaq.

Tanınmış uşaq şairi, ədəbiyyatşünas Zahid Xəlil nəşrin əhəmiyyətinə toxunaraq, kitabda böyük mütəfəkkir Nizaminin əsərlərinin, eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin, klassiklərinin irsinin cəmləşdiyini vurğulayıb.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə Nizaminin əsərlərinin motivləri əsasında yaradılan nağıllardan və rəngli illüstrasiyalardan ibarət kitabı Azərbaycan ədəbiyyatının maarifçi klassiklərin ənənələrinin davamı kimi qiymətləndirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Nizami dühasının araşdırılmasının bütün dövrlərdə aktuallığından söz açıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən kitabın yeni nəsil üçün önəmli töhfə olduğunu bildirib.

Təqdimatın bədii hissəsində Elm və Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs kollektivinin təqdimatında Nizaminin əsərlərindən parçalar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Qeyd edək ki, nəşr layihəsinin rəhbəri və ön sözün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, kitabın tərtibçisi Fərid Hüseyndir.

Topluda Nizaminin “Xəmsə”sindəki poemalardan  “Sehrli üzük”, “İki rəssam”, “İlin fəsilləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nuşirəvan və bayquşların söhbəti” və digər hekayətlər yer alıb.