Beynəlxalq sərgi çərçivəsində dəyirmi masa

 

Xəbər verdiyimiz kimi, VIII Bakı Beynəlxalq Kitab Sərgisinin proqramında Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə bir sıra tədbirlər yer almışdı.

Oktyabrın 7-də sərgi çərçivəsində Milli Kitabxanada Albaniyaya dair daimi guşənin açılışı, Azərbaycan və Albaniya milli kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi və “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.

Albaniya, Latviya, Rusiya və Qırğızıstandan olan nümayəndə heyəti əvvəlcə kitabxana ilə tanış olublar. Sonra Beynəlxalq əməkdaşlıq zalında Albaniyaya dair daimi guşənin açılış mərasimi keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq bildirib ki, ənənəvi olaraq hər dəfə Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitabxananın Beynəlxalq əməkdaşlıq zalında bir ölkəyə aid guşə yaradılır. Bu dəfə Albaniyaya dair daimi guşə təşkil edilib.

Sonra Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi kitabxanaların direktorları Kərim Tahirov və Mişa Piro imzalayıblar.

K.Tahirov diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın ölkəsinin kitabxanaları ilə əməkdaşlıq sənədi imzalayıb. O, Albaniya Milli Kitabxanası ilə əlaqələrin də bu memorandum sayəsində möhkəmlənəcəyini bildirib.

Albaniya Milli Kitabxanasının direktoru Mişa Piro da öz növbəsində memorandumun qarşılıqlı mübadiləyə, əməkdaşlığın genişlənməsinə zəmin olacağını deyib.

Sonra iştirakçı ölkələrin kitabxana nümayəndələri öz ölkələrinin ədəbiyyatına, mədəniyyətinə dair kitabları Azərbaycan Milli Kitabxanasına təqdim ediblər.

Daha sonra “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib. Kərim Tahirov bu gün kitabxanaların öz işlərini dövrün tələbləri səviyyəsində qurmaq üçün yeni iş forma və metodlarından istifadə etdiklərini vurğulayaraq iştirakçıları aktiv müzakirəyə dəvət edib.

Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Fyodorov beynəlxalq tədbirə dəvətə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü  bildirib. Natiq kitabxanaların öz fəaliyyətlərini dövrün tələblərinə uyğun qurmalı olduğunu, çap əsərlərinin elektronlaşdırıldığını, bununla belə kitabxanaşünaslıq elminin kitabxana təcrübəsindən xeyli geridə qaldığını, bu sahədə yeni nəsil savadlı tədqiqatçıların yetişdirilməsinin, təhsilin inkişafının vacibliyini qeyd edib.

Rusiya Dövlət Kitabxanasının Beynəlxalq əlaqələr üzrə müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) baş direktoru Mariya Neryuyeva iki ölkə kitabxanaları arasında sıx əməkdaşlıq və oxşar xüsusiyyətlərdən danışıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev Qarabağda işğal dövründə dağıdılmış kitabxanalar haqqında məlumat verərək Rusiya Dövlət Kitabxanası ilə kitabxana işi sahəsində mövcud olan problemlərin həllinə yönəlmiş birgə onlayn görüşün və Şuşada beynəlxalq səviyyədə bir iclasın təşkilini təklif edib.

Kərim Tahirov bu il Ankarada keçirilmiş İFLA-nın iclasında Azərbaycan ərazilərinin işğalı zamanı dağıdılmış kitabxanalarla bağlı məsələ qaldırdığını, bununla bağlı İFLA-ya kitabxana tərəfindən xüsusi müraciət ünvanlandığını diqqətə çatdıraraq, xarici qonaqları yenidən bərpa ediləcək olan kitabxanaların fondlarını formalaşdırmaqda köməklik göstərməyə çağırıb.

Dəyirmi masada BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, Qırğızıstan Milli Kitabxanasının Dissertasiya və avtoreferatlar şöbəsinin müdiri Gülnara Almankulova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova çıxış ediblər. Çıxışlarda bu gün kitabxanalar üçün əsas problemlərdən olan müəllif hüquqları məsələsinə xüsusi vurğu edilib.

Tədbir zamanı Milli Kitabxananın direktoru Kərim Tahirova Rusiya Dövlət Kitabxanasının “Nikolay Rumyantsev” medalı təqdim olunub.

Sonda iştirakçı ölkələrin nümayəndələrinə Milli Kitabxananın Ehtiyat mübadilə fondundan kitablar hədiyyə edilib.