Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap edilən “44 gün – tarixi Zəfər” adlı üçcildliyin I cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirildi.

Oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində gerçəkləşən tədbirdə çıxış edən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirdi ki, Azərbaycan xalqı mübariz xalqdır və müharibələr onu sarsıda bilməyib. Çünki bu xalq tarixin müxtəlif mərhələlərində yüzlərlə savaş görüb.

Vətən müharibəsində Qələbəmizdən danışan N.Məmmədova dedi ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi artıq zərurətə və mənəvi ehtiyaca çevrilmişdi. Vətən müharibəsi qəhrəman oğulların sayəsində 44 günə bunu reallığa çevirdi. Vətən uğrunda şəhid və qazi olan oğullarımızın qəhrəmanlıqları xalqımızın yaddaşına ədəbi yazılıb...”.

Kitab haqqında məlumat verən baş redaktor ilk təqdimat mərasiminin Bakıda, ikincisinin Gəncə, üçüncüsünün isə Masallıda keçirildiyini bildirdi: “44 gün – tarixi Zəfər” kitabının I cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində, Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva və digərləri çıxış edərək kitab haqqında fikirlərini söylədilər.

Qeyd olundu ki, Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bədii-publisistik kitabların nəşrini də həyata keçirir. Tədbir çərçivəsində bu seriyadan nəşr edilmiş “El harayına can deyən şəhid Elcan” kitabının da təqdimatı oldu.

Vətən müharibəsi şəhidi Elcan Muradov haqqında kitabın müəllifi Elvin Arifoğlu,  redaktoru Kəmalə Mirzəyevadır. Kitab “Azəri” poliqrafiya müəssisəsində çap olunub.

Nurəddin