Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 8-də Bakı Ekspo Mərkəzində tanınmış tərcüməçi, jurnalist, redaktor Tehran Vəliyevin (1954-2015) yeni çapdan çıxmış "Dünya ədəbiyyatından tərcümələr" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən kitabın tərtibçisi və redaktoru Rafiq Vəli İmranoğlu,  "Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov və tərcüməçinin qızı Günay Tehranqızı T.Vəliyevin ömür yoluna, bədii tərcüməçilik, redaktorluq fəaliyyətinə nəzər salıb, xatirələrini bölüşüblər.

Kitabda toplanan tərcümələrdən söz açan çıxışçılar T.Vəliyevin o nümunələri ömrünün sonuncu günlərində – amansız xəstəliklə mübarizə apardığı vaxtlarda tərcümə etdiyini deyiblər. Bildirilib ki, o, səhhətinin an ağır məqamında belə öz oxucularını düşünüb. Tərcümələrindəki ifadə zənginliyi, axıcılıq T.Vəliyevin ana dilimizə olan vurğunluğunun göstəricisidir.

Xatırladaq ki, “Dünya ədəbiyyatından tərcümələr” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxıb. Kitabda dünya ədəbiyyatının korifeylərindən F.S.Fiscerald, E.Heminquey, S.Hill, K.S.Duqqal, C.Coys və S.Kinqin əsərləri, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqanın “İndi növbə mənimdir” xatirə-memuarı yer alıb.