Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində öz yeri, öz xidmətləri olan Xurşidbanu Natəvanın adı həmişə Qarabağımız, onun tacı Şuşa ilə qoşa çəkilir. Bu il Xan qızı üçün ikiqat əlamətdardır: şairənin 190, dünyaya göz açdığı Şuşanın isə 270 illiyidir.

Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərisi olduğu üçün sarayda “Dürrü-yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırılmışdır. Xurşidbanu saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Onun dərin və hərtərəfli biliyi, zəngin istedadı ilə bərabər gözəl rəsmlər çəkməsi, musiqini, o cümlədən muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilmişdir.

O, yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif) təxəllüsü götürərək dərin məzmunlu qəzəllər qələmə almışdır.

Natəvan öz xeyriyyəçiliyi ilə də Şuşa əhalisinin qəlbinə yol tapmışdı. O, 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirmiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirmişdir. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırmışdır.

Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma (ata) ilə görüşməsi olmuşdur. Həyat yoldaşı Xasay xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A.Dümanın “Qafqaza səyahət” kitabında bu görüş haqqında məlumat öz əksini tapmışdır. Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 2-də Şuşada vəfat etmiş, Ağdamdakı İmarət qəbiristanlığında dəfn olunmuşdur.

Natəvanın xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan və bir çox xarici ölkələrdə şairənin abidəsi ucaldılmışdır. 1960-cı ildə qoyulan ilk heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarovdur. 1980-ci ildə anadan olmasının 150 illiyi münasibətilə Ağdamda İmarət adlanan memarlıq kompleksində Natəvanın qəbirüstü abidəsi qoyulmuşdur. Abidənin müəllifi heykəltəraş Elcan Şamilovdur. O, mövzunu xüsusi qayğı və səmimiyyətlə işləmiş, Natəvanı təkcə bədii söz ustası kimi yox, həm də bir ana, zərif qadın kimi təsvir etmişdir. Kompozisiyada əsas iki xətt – kədər və nikbinlik dolğun şəkildə öz əksini tapmışdır. Onun üzündə məruz qaldığı bütün ağrı və çətinliklərlə yanaşı, xeyirxahlığın da izləri görünür. Natəvan təkcə əzabçəkən bir qadın deyil, həm də mənəviyyatca gözəl insan, mübariz qəhrəmandır.

Təəssüflər olsun ki, otuzillik işğal zamanı erməni vandalları tərəfindən Natəvanın məzarı və abidəsi dağıdılıb. Vətən müharibəsində Qələbəmizdən sonra azad Ağdamda aparılan bərpa-quruculuq işləri çərçivəsində Natəvanın abidəsi yenidən ucaldılmışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə, oktyabrın 4-də Natəvanın bərpa olunmuş qəbirüstü abidəsinin açılışını etmişlər.

Qəbirüstü abidə özünün ilkin görkəmi əsasında heykəltəraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanmış və əvvəlki yerində quraşdırılmışdır. 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonmuşdur.

Əməkdar rəssam Namiq Dadaşov tərəfindən 1982-ci ildə Şuşada şairənin tunc büstü ucaldılmışdı. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən şəhər işğal olunduqdan sonra bu abidə ilə yanaşı Üzeyir bəy və Bülbülün də büstləri vandalizmə məruz qalmışdı. “Güllələnmiş heykəllər” kimi tanınan bu abidələr Şuşa azad ediləndən sonra əzəli məkana qaytarılmışdır.

2016-cı ildə Belçikanın Vaterlo şəhərinin mərkəzi parkında abidəsi qoyulmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən işlənmiş heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılmışdır.

2017-ci ildə Fransanın Evian-le-Bən şəhərindəki Azərbaycan parkında Xurşidbanu Natəvanın xaricdə qoyulmuş növbəti heykəlinin açılış mərasimi olmuşdur. Heykəlin müəllifləri isə Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.

Azərbaycan Milli Xalça Muzeyinin kollektivi də Xan qızının həyat və yaradıcılığını diqqət mərkəzində saxlayır, onun xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir. 2019-cu ildə Novruz bayramı ərəfəsində təşkil edilmiş “Məclisi-üns” – Xan qızının qonaqları” adlı ədəbi-bədii tədbirdə təbliğ olunan bayram ənənələri Xurşidbanu Natəvanın lirikasına boyanmışdı.

Xurşidbanu Natəvan Şərq dünyasında tək inci kimi parlayan yaradıcı qadın, xeyirxahlığı ilə sayılıb-seçilən “El anası” olaraq yaddaşlardan heç zaman silinməyəcək.

Leyla Zeynalova
Azərbaycan Milli Xalça Muzeyinin elmi işçisi