Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elçinlə “Müasirlik və ədəbiyyatımızın problemləri” mövzusunda görüş keçirilib.

Qonaqları salamlayan yazıçı əvvəlcə ədəbiyyat, onun çağdaş durumu haqqında söz açıb. Bildirib ki, ədəbiyyatın predmetini insan, onun hissləri, düşüncəsi və daxili aləmi təşkil edir. Ədəbiyyat ananın balaya laylasından yaranıb, bu dövrdən etibarən yaranan ədəbiyyatda əsas mövzu insandır. Yazıçının fikrincə, çağdaş dövr ədəbiyyatının əsas problemi ondan ibarətdir ki, onda insanın xislətinin dərinliklərinə enə bilmək imkanı çatışmır.

Sonra dinləyicilərin suallarına cavab verən yazıçı müxtəlif yaradıcılıq məsələlərinə toxunub. Çağdaş dramaturgiya, onun problemləri haqqında fikirlərini bölüşüb, yeni əsərlərindən bəhs edib. “Mirzə Fətəli Axundzadə öz pyeslərini qələmə alanda dramaturgiya yox idi və ilk dəfə o, dramaturgiyanın əsasını qoydu. Dramaturgiya teatr ilə qarşılıqlı əlaqədə olur. Teatrın inkişafını təmin etmək üçün gərək keyfiyyətli dram əsərləri ərsəyə gəlsin, mütəxəssis rejissorlar bu əsərlərin səhnəyə qoyulmasında iştirak etsin”, – deyən Xalq yazıçısı təəssüflə bildirib ki, müasir dövrdə dram əsərləri yaransa da, onlar bir çoxu səhnəyə qoyulmur. Dramaturgiyanın inkişafı üçün mühit yoxdur, gənc pyes müəlliflərini stimullaşdırmaq üçün addımlar atılmaldır.

Elçin daha sonra poeziyanın problemlərinə nəzər yetirib: “Poeziyamızda inkişaf daha güclüdür. Nəsr və dramaturgiya haqqında eyni sözü deyə bilmirik. İstedadlı gənclər çoxdur, ancaq bu istedadı üzə çıxarmaq lazımdır. Dünyagörüşünün artırılması, güclü mütaliə istedadın inkişaf etdirilməsinə kömək etməlidir. Mövzu özü janrı tapmalıdır. Çox vaxt müəlliflər əsərin formasını özləri adlandırır. Posmodernist üslubda əsərin yazıldığını qeyd edirlər. Ancaq bunu müəllif yox, oxucu, tənqidçi təyin etməlidir”.

Ədəbiyyatı “canlı orqanizm” adlandıran Elçin qeyd edib ki, ədəbiyyat fərqli-fərqli dövrlərdə gah inkişaf edir, gah onda müəyyən durğunluq müşahidə edilir. Xalq yazıçısı çağdaş dövrdə roman janrında xüsusi diqqət çəkən, seçilən romanın olmadığını vurğulayıb.

Azərbaycanda uşaq ədəbiyyatının müasir durumuna da toxunan Elçin bildirib ki, “müasir dövrdə bu sahədə də vəziyyət istədiyimiz səviyyədə deyil. Halbuki Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seyidzadə, Teymur Elçin, Mikayıl Rzaquluzadə bu sahədə ən yaxşı yazan sənətkarlar olublar. Çağdaş dövrdə texnologiya yüksək sürətlə inkişaf edib. Bu isə uşaqların kitaba olan marağının azalmasının, onların istədiyi kitabları elektron versiyada tapa bilməsi ilə əlaqədardır. Rəqəmsallıq dünyanı dəyişib, yeni bir sivilizasiya yaranıb. Rəqəmsallıq böyük bir mərhələyə keçid deməkdir. Bu isə kitab çapının 20-30 ildən sonra olmamasına gətirib çıxara bilər.

Görüş mövzuya dair fikir mübadiləsi ilə davam edib. Sonda yazıçı iştirakçılara təşəkkürünü bildirib.