Akademik Rus Dram Teatrının yeni mövsümdə ilk premyerası

 

7-8 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində yeni mövsümün ilk premyerası olub.

Xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında hazırlanan “Mən, sən, o və telefon” tamaşası teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn tamaşanın quruluş müəllifi Sankt-Peterburqda yaşayan həmyerlimiz, istedadlı rejissor Ərşad Ələkbərov, quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).

Ə.Ələkbərov Rusiya Dövlət İncəsənət İnstitutunun məzunudur. Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoyub. Bir neçə il öncə  Akademik Rus Dram Teatrının səhnəsində E.İoneskonun “Kral ölür” pyesi əsasında “Mərasim” tamaşasını səhnələşdirib.

“Mən, sən, o və telefon” tamaşasına gəlincə, bu,  teatrın gənc aktyorlarını bir araya gətirməklə onların potensialını üzə çıxarmağı bacaran nümunədir. Əsas rolları Əməkdar artist Natəvan Hacıyeva, aktyorlar İbrahim Çingiz, Rəşad Əliyarov, Yeganə Hüseynli, Murad İsmayılov, Dilarə İsmayılova, Cövhər Abdullayev, Səma Vəliyeva, Rüfət Əliyev, Samirə Rüstəmova, Zaur Terequlov oynayırlar.

Tamaşanın musiqi tərtibatında  Xalq artisti, bəstəkar Tofiq Quliyevin klassik estrada nümunələrindən, eləcə də Ayət Baxşıyev (tar), Xəyal Əliyev (qarmon) və Səriyyə Məmmədovanın (piano) canlı ifalarından da istifadə olunub.