9-12 oktyabr tarixində Türkiyənin Ərzincan şəhərində “Türk dünyası Ərzincanda görüşür” adlı beynəlxalq simpozium keçirilir.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın başçılığı ilə keçirilən tədbirdə Azərbaycan da geniş heyətlə təmsil olunur.

Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi etdiyi tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi ilə təşkil olunub.

Simpoziumun əsas məqsədi Türk dünyasının dil, ədəbiyyat, tarix, sənət, enerji, diaspor, ticarət, beynəlxalq münasibətlər kimi bir çox sahələr üzrə elmi araşdırmalara ortaq platforma yaratmaqdır.

Tədbirin proqramına müxtəlif ölkələri əhatə edən bir çox mövzularla yanaşı “Qarabağ Zəfəri və Azərbaycan Ordusunun tarixi qələbəsi Türkiyə mətbuatında”, “Qarabağ Zəfəri və Qars-İğdır-Naxçıvan dəmiryolunun əhəmiyyəti”, “Zəngəzur dəhlizi və onun strateji əhəmiyyəti”, “Xocalı soyqırımı”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında muğamın rəngləri”, “Əhməd Ağaoğlu”, “Üzeyir Hacıbəyli”, “Hüseyn Cavid”, “Həsən bəy Zərdabi” mövzularında panel iclasları da daxildir.

Mehparə Sultanova
Ankara