Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 114-cü teatr mövsümünün ilk premyerası – görkəmli bəstəkar, Xalq artisti Aqşin Əlizadənin “Babək” baletinin nümayişi olub.

Akademik Opera və Balet Teatrında 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və  Maqsud Məmmədovun quruluşunda tamaşaya qoyulan “Babək“ baletinin günümüzlə səsləşən mövzusu onun yenidən səhnəyə qayıdışına səbəb olub. IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq davam edən mübarizəsi Azərbaycan tarixində önəmli yer tutur. Xalqımızın 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsinin ikinci ildönümündə və Zəfər Gününü qeyd etməyə hazırlaşdığımız ərəfədə bu əsərin yeni quruluşda nümayişi çox aktualdır.

Tamaşaya Xalq artisti Kamilla Hüseynova quruluş verib. O, həmçinin baletin ilk quruluş librettosuna qismən əlavələr edib. Tamaşanın musiqi rəhbəri dirijorların A.Dorati adına müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Premyera tamaşasında gənc maestro orkestri bacarıqla idarə edib. İkipərdəli tamaşanın T.Babayev tərəfindən hazırlanan dekorasiyalarını truppanın və orkestrin peşəkar ifası tamamlayıb.

Tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Babək), Makar Ferştandt (Əmir), Cəmilə Kərimova (Alnisə), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin laureatı Ayan Eyvazova (Pərişad), gənc solist Seymur Qədiyev (Cavidan) ifa ediblər.

Premyerası uğurla gerçəkləşən “Babək” baleti Opera və Balet Teatrının xalqımızın şanlı Zəfərinə sənət hədiyyəsidir.