5-7 oktyabr tarixində Yunanıstanın Krit adasında yerləşən Xaniya şəhərində Avropa Şurası (AŞ) Mədəni Marşrutlarının 11-ci illik Məşvərət Forumu keçirilib. 30-dan artıq mədəni marşrutun təmsil olunduğu forumda Azərbaycan nümayəndələri də iştirak ediblər.

Forumda Mədəni Marşrutların İdarə Heyəti üzvlərinin iclasında çıxış edən Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı Azərbaycanın 2011-ci ildə proqrama qoşulan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb. O, ötən müddətdə proqramın əhatə etdiyi mədəni marşrutların sayının artmasının müsbət göstərici olduğunu vurğulayaraq, mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş layihələrin ölkəmiz tərəfindən dəstəkləndiyini bildirib.

İclasdan sonra Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin İdarə Heyətinin sədri, İsveçrə təmsilçisi Julyen Vüllemier, AŞ Mədəni Marşrutlar üzrə Universitetlər Şəbəkəsinin rəhbəri, Nottinqem Trent Universitetinin (Britaniya) professoru Mayk Robinson ilə  fikir mübadiləsi aparılıb.

Forumun “Mədəniyyətlərarası dialoqun təşviqi” adlı panelini giriş sözü ilə Azərbaycanın AŞ yanında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçilər qrupunun rəhbəri səfir Fəxrəddin İsmayılov açıb. O, çıxışında Avropa Şurasında mədəni proqramların önəmini, mədəniyyətlərarası dialoqla bağlı ölkəmizin təşəbbüsü olan “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Forumda ölkəmizi təmsil edən nümayəndə heyəti ilə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin icraçı katibi, Mədəni Marşrutlar Proqramının direktoru Stefano Dominioni arasında görüş keçirilib. Görüşdə Araz Bağırlı ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, “Bakı Prosesi” və bu təşəbbüs çərçivəsində nəzərdə tutulan qlobal tədbirlər haqqında  məlumat verib. Azərbaycanın ərazisindən keçən mədəni marşrutların perspektivləri, ölkəmizlə ikitərəfli əməkdaşlıq və ölkəmizin qoşula biləcəyi yeni marşrutlar ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsi (CDCPP), 48 ölkədə mövcud olan “İndustrial irs” mədəni marşrutunun rəhbərliyi və müxtəlif ölkələrin mədəniyyət nazirliklərinin təmsilçiləri ilə də görüşlər keçirilib.

Forumun son günü təşkil edilən B2B sessiyalarda ölkəmizin qoşulduğu “Qayaüstü rəsmlər” marşrutunun rəhbəri Ramon Montes, “Itervitis – şərab marşrutu”nun rəhbəri Emanuela Panke, “Zeytun yolları” mədəni marşrutun rəhbəri Marinella Katsilieri ilə Mədəniyyət Nazirliyinin təmsilçisi Araz Bağırlı, Dövlət Turizm Agentliyinin nümayəndələri Elşən Mustafayev və Sədaqət Davudova arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 2011-ci ildə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinə qoşulan Azərbaycan 2014-cü ildə 4-cü illik Məşvərət Forumuna ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni marşrutlara həsr edilmiş xüsusi panel sessiyası təşkil olunub.