Bu il Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 ili tamam olur. 1967-ci ildə “Mədəni-maarif işi” adı ilə nəşrə başlayan jurnal, 2012-ci ildən “Mədəni həyat”, 2015-ci ildən “Mədəniyyət.AZ” adı ilə işıq üzü görüb, 2020-ci ildən nəşr həyatını “Mədəniyyət/Culture” adı altında davam etdirir.
Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində jurnalın 55 illiyi qeyd olundu.
“Mədəniyyət/Culture” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva nəşrin tarixindən, o cümlədən redaksiyanın son illəri əhatə edən fəaliyyətindən ətraflı söhbət açdı. Jurnalın çap və elektron versiyası, müxtəlif rubrikaları, dizaynı, xüsusi buraxılışları haqqında slayd-şou ilə geniş təqdimat edildi. Vurğulandı ki, jurnal Azərbaycanın bütün regionlarında yayılır.
“Mədəniyyət/Culture” həmçinin Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil edilib və hər sayında Azərbaycan, eləcə də ingilis və rus dillərində elmi məqalələr dərc olunur. Bir çox alimlərimiz öz məqalələrini jurnalın səhifələrində görmək istəyirlər. Nəşrin rubrikaları mütəmadi olaraq yenilənir. “Qarabağ Azərbaycandır!”, “Səhnədən hərb meydanına”, “Mədəniyyətdən əbədiyyətə”, “Multikulturalizm”, “Ədəbiyyat”, “Musiqi”, “Teatr” və s. rubrikalarda jurnalın geniş mövzu dairəsi əhatə olunur.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid əlamətdar yubileylə bağlı jurnalın kollektivini təbrik etdi. Vurğuladı ki, baş redaktor tərəfindən edilən təqdimat kollektivin öz işinə böyük şövq, həvəs və məsuliyyətlə yanaşdığını göstərir.
Ədəbiyyatşünas, professor Asif Rüstəmli də təbriklərə qoşularaq bildirdi ki, Azərbaycanın mətbuat tarixinin ilk dövrlərində çap olunan jurnalların çoxunun ömrü uzun olmayıb. “Mədəniyyət/Culture” jurnalının 55 yaşı çox dolğun yaşdır və böyük uğurdur. Jurnal yalnız Azərbaycan mədəniyyətini əhatə etmir, daha geniş çərçivədə özünü təqdim edir.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli də jurnalın əməkdaşlarına xoş arzularını bildirdilər. Hər iki natiq nəşrin indiki səviyyəyə çatmasında baş redaktor Zöhrə Əliyevanın rolunu xüsusi qeyd edərək, onun vaxtilə Azərbaycan Televiziyasındakı fəaliyyətini, mədəniyyətlə bağlı hazırladığı verilişləri də yada saldılar. “XX əsrin əvvəllərindən bu yana açılan qəzetlər və təşkilatların adında iki söz daha çox vurğulanır – maarif və mədəniyyət. Maariflə mədəniyyət bir yerdə olanda isə daha gözəl olur. Bu işləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edirəm”, – deyə Qulu Məhərrəmli vurğuladı.
Tədbirdə daha sonra jurnalın daimi yazarlarından filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp müəllifi olduğu “Xarıbülbül” şeirini söylədi.
Sonda Zöhrə Əliyeva iştirakçılara təşəkkürünü bildirdi, xatirə şəkilləri çəkdirildi.