VIII Bakı Beynəlxalq Kitab Sərgisi nə ilə yadda qaldı?

 

Gözəl və maraqlı təqdimatlarla yadda qalan daha bir beynəlxalq kitab sərgisinə şahidlik etdik. Bu tədbir sayəsində biz kitabla bağlı adamlarla yanaşı, kitaba bağlı olanların da bayram ovqatına kökləndiklərini gördük...

Sevinirəm ki, kitaba kütləvi maraq yaranıb və burada gənclər üstünlük təşkil edir. Onlar zəruri ədəbiyyatlar, yəni elm, istehsalat, ixtisas sahələri ilə bağlı nəşrlərlə yanaşı, bədii ədəbiyyata da maraq göstərirlər. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabrda reallaşan kitab bayramı bir neçə gün ərzində istənilən oxucu üçün kitabı əlçatan etməyə çalışdı.

Sərgi qarşısına qoyduğu məqsədlərə çatdı. Çünki beş gün ərzində müxtəlif təqdimatlar, müzakirələr, görüşlər, imza saatları keçirildi, nəşriyyat-poliqrafiya sənayesinin hazırkı vəziyyəti, ümumilikdə kitab və onun nəşrindən oxucuya çatmasına qədər faydalı müzakirələr aparıldı.

 

“Uşaq ədəbiyyatında Zəfər diskursu”

 

Sərginin bir sıra tədbir və təqdimatlarına qatılmaq imkanım oldu. Onlardan biri də oktyabrın 5-də baş tutan “Uşaq ədəbiyyatında Zəfər diskursu” mövzusunda müzakirə və şanlı Qələbəmizə həsr olunmuş uşaq kitablarının təqdimatı idi.

Müzakirənin moderatoru filologiya üzrə elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, qonaqlar uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli idi.

Elnarə Akimova çıxışında bu il səkkizincisi keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin son iki ildə uşaq ədəbiyyatına geniş yer verilməsinin əhəmiyyətini qeyd etdi: “Builki sərgi “Şuşa İli” çərçivəsində reallaşır. Şuşanın 270 illiyidir, həmçinin iki ildir qala-şəhərimiz düşmən tapdağından azad olunub. Uşaq ədəbiyyatında bu mövzuda müəyyən mətnlər ortaya qoyulmaqdadır. Bura dəvət olunan uşaq yazarlarının hər üçü otuz ilə yaxın bir dönəmdə Qarabağ, Şuşa mövzusuna həssas yanaşan, yaradıcılığında mövzunu daim aktual saxlayan ziyalılardır”.

Daha sonra söz uşaq yazarlarına verildi. Zahid Xəlil Zəfər tariximizi əks etdirən “Dəmir yumruq” əsərinin ərsəyə gəlməsindən bəhs etdi, yeni əsər üzərində işlədiyini, tezliklə uşaqların görüşünə gələcəyini bildirdi. Sevinc Nuruqızı yeni çap olunan “Pıçıltı” və “Zəfər nəğməsi – Şuşa” kitabları haqqında söz açdı.

Qəşəm İsabəyli yeni çap olunan “Seçilmiş əsərləri”nin birinci cildi haqqında danışdı. Orada yer alan Qarabağa, Şuşaya aid mətnlərə diqqət yönəltdi, bir neçə şeirini səsləndirdi.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova burada adıçəkilən kitabların hər birinin təqdimatını keçirəcəklərini dedi. Müzakirədə uşaq ədəbiyyatındakı bir sıra problemlərə də toxunuldu, təkliflər səsləndirildi.

 

“Cavid hikməti: seçmə aforizmlər”

 

Elmi-kütləvi nəşrlərin təqdimatları da sərgi proqramını zənginləşdirən amillərdən idi. Bu sırada “Cavid hikməti: seçmə aforizmlər” kitabını xüsusi qeyd etməliyəm. Oktyabrın 7-də Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və ön söz müəllifi olduğu “Cavid hikməti: seçmə aforizmlər” kitabının təqdimatı keçirildi.

Gülbəniz Babaxanlı çıxış edərək böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama görə dövlət başçısına təşəkkürünü bildirdi. Qeyd etdi ki, təqdimatı keçirilən kitab ədibin ev-muzeyinin dahi sənətkarın yubileyi münasibətilə cavidsevərlərə bir ərməğanıdır. Oxucuların marağı nəzərə alınaraq sənətkarın əsərlərindən seçmə aforizmlər yeni redaksiyada, əlavələr edilərək ilk dəfə cib dəftərçəsi formasında nəşr olunub. Kitabda mütəfəkkir şairin insanlıq, haqq-ədalət, vətən, millət, qadın, məhəbbət və cəmiyyəti narahat edən aktual problemlərlə bağlı müdrik sözləri yer alıb. Topludakı aforizmlər ədibin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərindən, “Azər” poemasından və məqalələrindən seçilib.

 

Akademikin Şuşaya naməsi...

 

Oktyabrın 7-də sərgi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Şuşanamə” kitabının da təqdimatı keçirildi.

Kitab haqqında məlumat verən müəllif “Şuşa İli”nə həsr olunan kitabda Azərbaycanın qədim mədəniyyət mərkəzi, Qarabağın incisi Şuşaya, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfərimiz və bir sıra bəşəri problemlərə həsr olunmuş şeirlərinin yer aldığını dedi.

Tədbirdə çıxış edən alimlər müəllifə uğurlar arzuladılar, onun səmimi hisslərinin təzahürü olan poeziya nümunələrində xalqımızın tarixinin, mədəniyyətinin, Qarabağ, Şuşa adlı incisinin mükəmməl şəkildə əks olunduğunu vurğuladılar.

 

“Şaiq nümunə məktəbi”

 

Kitab bayramının maraqlı təqdimatlarından biri də ədəbiyyatımızda və pedaqoji fikir tariximizdə əvəzsiz yeri olan Abdulla Şaiqlə bağlı idi. “Şaiq nümunə məktəbi” adlı kitab təqdim olunurdu. Nəşr ədibin mənzil-muzeyi tərəfindən tərtib edilib, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunub. Kitabın tərtibçiləri Ülkər Talıbzadə və Arzu Hacıyevadır.

Abdulla Şaiqin adı ilə bağlı olan nümunə məktəbinin yaranması, fəaliyyəti barədə geniş məlumatın yer aldığı kitabda həmçinin Şaiqin müəllim həmkarları, o məktəbdə oxuyan və digər təhsil müəssisələrində ondan dərs alan tələbələri haqqında informasiya, müəllimləri barədə xatirələri verilib. Kitabda Abdulla Şaiqin Mənzil-Muzeyinin əsas fondunun və arxivinin nadir materiallarından da istifadə edilib.

Giriş sözü söyləyən muzeyin direktoru Ülkər Talıbzadə yeni nəşr haqqında məlumat verdi, nümunə məktəbinin yaranma tarixindən bəhs etdi. O, Abdulla Şaiqin özünün xatirələrində qələmə aldığı mühüm fakt və fikirlərin də kitabda yer aldığını nəzərə çatdırdı.

Digər çıxış edənlər nəşrin önəminə diqqət çəkdilər, Cümhuriyyət dövründə məktəblərin milliləşdirilməsi işində Abdulla Şaiqin ilk anadilli siniflərin yaradılması yolunda diqqətəlayiq fəaliyyətindən danışıldı.

 

Sərginin 140 yaşlı kitabları...

 

Kitab sərgisində diqqəti cəlb edən, öz tərtibatı və nümayişə çıxarılan nümunələri ilə seçilən stendlər də var idi. Onların arasında Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) guşəsini qeyd edə bilərəm. Çünki onun nümayiş masasında hər hansı yüksək bədii-tərtibatlı nəşrlər, poliqrafik keyfiyyətli çap məhsulları yox, rəngləri çoxdan saralmış “kağız yığını” təəssüratı yarada biləcək kitablar sıralanırdı.

Nümunələr haqqında məlumat almaq üçün stendə yaxınlaşdım. Kitabxananın Kütləvi işlər və tərtibat şöbəsinin müdiri Amaliya Qənbərova nümunələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, ən böyük elmi-sahəvi kitabxanalardan biri olan RETK-nin fondunda ictimai-siyasi ədəbiyyat, elmi-texniki, sorğu materialları, dövri və davamlı nəşrlər, təcrübə-konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq-patent hüquqları haqqında ədəbiyyat, patentlər və s. qorunub saxlanılır: “Amma kitabxanamızı fərqli edən amil isə Azərbaycanın neft və qaz hasilatı ilə bağlı ədəbiyyatlardan ibarət fonda sahib olmasıdır. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi həmişəlik milliləşdirildi və “Azneftkom”, onun texniki şöbəsində də kiçik bir məlumat kitabxanası yaradıldı. Bu haqda ilk məlumata “Azərbaycan neft təsərrüfatı” jurnalında rast gəlirik. 1920-ci ilə qədər Bakıda fəaliyyət göstərən texniki cəmiyyətlərin kitabxana fondları əsasında formalaşdırılmış kitabxanada 271 nüsxə kitab toplanmışdı ki, bu da o dövr üçün böyük rəqəm hesab olunurdu. Hazırda fondumuz isə 14 milyon nüsxədən çoxdur.

Gördüyünüz bu kitablar isə kitabxananın “qızıl fond”una daxil olan nümunələrdir. Əsasən neft sahəsi ilə bağlı olsalar da, burada memarlıq, elm və texnikanın digər sahələrini də əhatə edən nəşrlər də var. Bəzi kitablarımızın 130, 140 yaşı var”.

Kitabla oxucunun görüş yeri olan sərgi müxtəlif tədbirləri ilə bərabər, sənətkarların əl işləri, kitab çapı sənayesinin müxtəlif dövrlərini əhatə edən texniki avadanlıqların nümayişi ilə də diqqəti cəlb edirdi...

Həmidə Rüstəmova