VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kampaniyaya dəstək aksiyası

 

Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək!” kampaniyası davam edir. Oktyabrın 8-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində  kampaniyaya dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 2021-ci ilin 15 yanvarında başlanan kampaniya barədə məlumat verib. Bildirib ki, otuz ilə yaxın işğal altında qalan rayonlarda ümumilikdə 975 kitabxana tamamilə dağıdılaraq talan edilib. Sözügedən kampaniya işğaldan azad edilən rayonlarda yenidən qurulacaq kitabxanaların fondunun formalaşmasına dəstək məqsədi daşıyır.

Direktor qeyd edib ki, bu layihəyə ilk qoşulan Xalq yazıçısı Elçin olub. O, şəxsi kitabxanasından 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim edib. Sonra layihəyə xeyli sayda ziyalılar, yazıçı və şairlər, nəşriyyatlar, müxtəlif təşkilatlar qoşulub. Hazırda bu fondda 102 min nüsxədən çox kitab yığılıb, o cümlədən ötən il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində təxminən 12 min nüsxə kitab toplanıb.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışında Qarabağda dağıdılmış mədəniyyət müəssisələrinin bərpasının nazirliyin qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib. Şöbə müdiri hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edib.

Albaniyanın “Fan Noli” nəşriyyat evinin direktoru Rexhep Hida belə gözəl ideya üçün təşəkkürünü bildirib və kampaniyaya kitablar hədiyyə edib.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı layihəni dəstəklədiklərini bildirib və təşkilat adından 100-dən çox kitab hədiyyə edib. O, həmçinin dekabr ayında İstanbulda keçiriləcək beynəlxalq sərgidə Türkiyə nəşriyyatlarından ədəbiyyatların da toplanılması üçün bu layihəni orada davam etdirməyi təklif edib.

“İrs”, “Vektor”, “Apostrof”, “Çapar”, “İdeal Print”, “Alatoran”, “Mimta” və digər yerli nəşriyyatlar da “Qarabağa kitabla gedək!” kampaniyasına öz nəşrlərini hədiyyə edib.