Nazir Anar Kərimovun naşirlərlə görüşündə gündəmdəki mövzular müzakirə edildi
Səkkizinci dəfə gerçəkləşən Bakı Beynəlxalq Kitab Sərgisi beş gün (5-9 oktyabr) kitabla bağlı və kitaba bağlı olanları – naşirləri, yazarları, oxucuları, çap və yayımla məşğul olan təsisatları, kitabxanaları və bu sahədə aidiyyəti rəsmiləri bir araya gətirdi.
Oktyabrın 6-da sərgi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun naşirlərlə görüşü keçirildi. Toplantının əsas mahiyyəti ötən il sərgidə görüş zamanı qaldırılan məsələlərin və edilən təkliflərin nazirlik tərəfindən icrası, yeni təkliflərin alınması, eyni zamanda mövcud problemlərin müzakirəsi ilə bağlı idi.
İştirakçıları salamlayan Anar Kərimov bildirdi ki, ötənilki görüşdə kitab sənayesi sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilib və onlar “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi tərəfindən ümumiləşdirilərək Mədəniyyət Nazirliyinə təqdim olunub. Həmin təkliflərin bir qismi birbaşa bizim səlahiyyətlərimizə aid məsələlər idi. Bəzilərinin həlli ilə bağlı nazirliyin vasitəçi qismində çıxış etməsi nəzərdə tutulurdu. Bir neçə təklifin reallaşdırılması isə aidiyyəti qurumlarla razılaşdırma tələb edirdi.
Nazir qeyd etdi ki, təqdim olunan təkliflər arasında bəzi məsələlər artıq həllini tapıb. Bunlardan birincisi kitab nəşri sahəsində qanunvericilikdə dəyişiklik edilməsi, yəni kitabın ƏDV-dən azad olunması idi. Məlum olduğu kimi, bu məsələ də həll edilib.
Azərbaycan kitabın ƏDV-dən azad olunduğu 50 ölkədən biridir
Nəşriyyat işinin predmeti üzrə əsas materiallar və məhsullar, eyni zamanda kitab satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda Azərbaycan kitabın tam şəkildə ƏDV-dən azad olunduğu dünyanın təxminən 50 ölkəsindən biridir.
Nazir bildirdi ki, digər təklif Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi ilə bağlı idi və 2021-ci ildən sərginin hər il təşkil olunması qərara alınıb. Xatırladaq ki, bunadək sərgi iki ildən bir keçirilirdi.
Daha bir təklif stendlərin nəşriyyatların kitab həcminə görə bölüşdürülməsi məsələsi ilə bağlı olub. Nazir bu təklifin də həlli reallaşan işlər sırasında olduğunu nəzərə çatdırdı və bildirdi ki, bu il Bakı Beynəlxalq Kitab Sərgisinin strukturu və formatı beynəlxalq kitab sərgilərinin təcrübəsinə uyğun yenilənib. Yerləşmə planı seksiyalar üzrə tərtib olunub və hər bir nəşriyyata istədiyi həcmdə sahəni əldə etmək imkanı yaradılıb. Bütün iştirakçılara tam təchiz olunmuş 6 kvadratmetr sahə ödənişsiz verilib və əlavə sahələrin icarəyə götürülməsi üçün təşkilati dəstəyi təmin edən şirkətə ödənilən vəsaitin bir qismi nazirlik tərəfindən qarşılanıb.
Gələcək sərgilərə Nobel və Buker mükafatçıları dəvət ediləcək
Tanınmış əcnəbi yazarların sərgidə iştirakı məsələsinin builki sərgidə prioritet mövzulardan olduğunu deyən Anar Kərimov diqqətə çatdırdı ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisinə Türkiyədən 16, Rusiyadan 13, Özbəkistandan 2 müəllif dəvət olunub. Onların arasında dünya şöhrətli türkiyəli tarixçi-yazar İlbər Ortaylı, Türkiyənin modern poeziyasının nümayəndəsi Adnan Özər, uşaq ədəbiyyatı üzrə tanınmış yazarı Fateh Ərdoğan yer alıb. Növbəti sərgiyə ədəbiyyat üzrə Nobel və Buker laureatlarının dəvət olunması planlaşdırılır.
Nazir Bakı Beynəlxalq Kitab Sərgisinin piar və reklam aksiyalarının keçirilməsi ilə bağlı səsləndirilən təklifin də həllini tapdığını bildirərək vurğuladı ki, budəfəki sərginin təşkilati, piar və reklam işlərinin xüsusi proqramı və sistemi hazırlanıb. Kütləvi informasiya vasitələrində, elektron mediada və sosial şəbəkələrdə geniş təbliğat işləri aparılıb. Sərgiyə çağrı məzmununda 2 ədəd videoçarx və 10 ədəbiyyat və incəsənət xadiminin iştirakı ilə videomüracətlər hazırlanıb. Ən çox dinlənilən 3 radio tezliyində gün ərzində sərgi haqqında mütəmadi məlumat səsləndirilib.
Anar Kərimov bildirdi ki, bütün bunlar bizə edilən təkliflər arasında reallaşdırılan, həllini tapan məsələlər idi. Bununla belə, bəzi həllini gözləyən məsələlər də var: “Məsələn, Azərbaycanda kitab gününün və ya naşirlər gününün təsis olunması. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasında “Naşirlər və kitabxanaçılar günü”nün təsis olunması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılmışdır”.
İSBN-in naşirlərə ödənişsiz verilməsi, gənc yazarlara dəstək...
Nazir bildirib ki, daha bir məsələ İSBN-in naşirlərə ödənişsiz verilməsi ilə bağlıdır: “Bildiyiniz kimi, ölkəmizdə İSBN-in verilməsi və tənzimlənməsi nazirliyin səlahiyyətləri çərçivəsində deyil. Biz bu məsələnin həlli ilə intensiv məşğul oluruq. Bu məsələnin həllində Azərbaycan nəşriyyatları da fəal olmalıdır. Mərkəzə illik ödənişin edilməsini və nəşriyyatlarımıza İSBN-in ödənişsiz verilməsini məqbul hesab edirik. Eyni zamanda biz bu məsələni Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə də müzakirə edirik”.
Nazir gənc yazarların əsərlərinin nəşrinin bir qisminin dövlət tərəfindən qarşılanması və Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məsələsinin həllini gözləyən işlər sırasında olduğunu nəzərə çatdıraraq qeyd etdi ki, gələn il bu iki layihənin icrasına başlanılması nəzərdə tutulur.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirdi ki, bu il kitab alışı ilə bağlı nəşriyyatların təklifləri də nəzərə alınıb. Nazirlik tərəfindən bu ilin əvvəlində elan edilən “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində nazirliyin tabeliyində olan kitabxana fondları üçün 498 174 manat dəyərində 50 465 nüsxə kitab alınıb. Bu, ötənilki alışla müqayisədə 5 dəfə çoxdur.
Görüş zamanı naşirlər kitab alışına göstərilən böyük dəstəyə və kitab sənayesi sektorunun inkişafı istiqamətində reallaşdırılan təkliflərə görə təşəkkürünü bildirdilər. Eyni zamanda naşirlər tərəfindən yeni təkliflər səsləndirildi və mövcud problemlərin həlli istiqamətində Mədəniyyət Nazirliyinin dəstək göstərəcəyinə əminlik ifadə olundu.