Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq.

Oktyabrın 10-da ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Moldova Prezidenti Maya Sandunun səfər dəvətini dövlət başçısına çatdıran Nataliya Qavrilitsa bildirib ki, son dövrdə iki ölkə arasında müxtəlif səviyyələrdə çoxsaylı səfərlər olub: “Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 illiyini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir. Lakin onların potensialı daha böyükdür... Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək. Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq”.

Prezident İlham Əliyev bir neçə gün əvvəl moldovalı həmkarı ilə Praqada görüşdüyünü diqqətə çatdıraraq bildirib ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. “Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, – deyə  İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, oktyabrın 11-də Bakıda Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanın Azərbaycan Respublikasının işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib. Nataliya Qavrilitsa ölkələrimiz arasında əlaqələrin inkişaf istiqamətlərindən danışıb, ölkəsinin Azərbaycan iqtisadiyyatına marağını qeyd edib.

Moldovanın Baş naziri ölkəmizə səfəri çərçivəsində oktyabrın 11-də Heydər Əliyev Mərkəzində də olub. Ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi və burada yaradılan ekspozisiyalar, həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Nataliya Qavrilitsa “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə qədim xalq sənəti, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim olunur. Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.