5-19 oktyabr tarixində Parisdə UNESCO-nun qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası keçirilir.

Sessiyanın açılışında UNESCO-nun Baş direktoru Odri Azule ötən dövr ərzində təşkilatın mandatına uyğun olaraq, beynəlxalq səviyyədə görülmüş işlərdən, keçirilən tədbirlərdən söz açıb, kollektiv məsuliyyətin vacibliyinə toxunub.

Sessiyanın plenar iclaslarında İcraiyyə Şurasının 28 üzv ölkəsinin, eləcə də qurumun üzvü olan Azərbaycanın milli bəyanatları dinlənilib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev çıxış edərək, Azərbaycan-UNESCO münasibətlərindən danışıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu münasibətlərə verdiyi töhfələri diqqətə çatdırılıb, Milli Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyinin qeyd olunduğunu vurğulayan Milli Komissiyanın baş katibi ötən dövr ərzində ölkəmizin UNESCO-nun prinsip və dəyərlərinin təşviqində rolundan bəhs edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, eləcə də UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşdır. Multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilib, ölkəmiz mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ilə çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən uğurla həyata keçirilən “Bakı Prosesi” qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformaya çevrilib.

2025-ci ilə qədər UNESCO-nun İcraiyyə Şurasının üzvü olacaq Azərbaycanın UNESCO ilə mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində geniş əlaqələr qurmasından, UNESCO ailəsinin nüfuzlu üzvünə və donor dövlətinə çevrilməsindən söz açan baş katib bildirib ki, ölkəmiz UNESCO tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə təsis edilmiş Qlobal Təhsil Koalisiyasına qoşulub və bu istiqamətdə ianə ayırıb.

Milli Komissiyanın baş katibi “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”, onun əsasında yaradılmış Etimad Fondu, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO xətti ilə bir sıra Afrika ölkələrində qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, bəzi üzv ölkələrdə davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələr həyata keçirilməsi haqqında da məlumat verib.

Seymur Fətəliyev UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı və UNESCO-nun dəstəyi ilə Bakıda Afrika ölkələrinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə ilk təlim proqramının həyata keçirilməsindən də danışıb. Bildirib ki, proqram çərçivəsində iştirakçılara mədəniyyətlərarası dialoq, sülh mədəniyyəti, iqlim dəyişikliyinin dünya irsinə təsiri, dayanıqlı inkişaf, yaradıcı sənaye, UNESCO Konvensiyalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi və UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün nominasiya fayllarının hazırlanması prosesi və digər mövzularda mütəxəssislərin və dövlət rəsmilərinin mühazirələri təşkil olunub və təqdimatlar keçirilib.

Diqqətə çatdırılıb ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyası qarşıdan gələn illərdə də müvafiq layihələrdə fəal iştirak edəcək.