Prezident İlham Əliyev: “Görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır...”

 

Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir. Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 10-da Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən deyib.

Qeyd edək ki, diplomat etimadnaməsini təqdim edərkən dövlət başçısı ilə Azərbaycan dilində danışıb.

Prezident ümidvar olduğunu bildirib ki, Fergus Auld ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcək və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcək: “Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam. Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq – ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur”.

Dövlət başçısı qeyd edib ki, Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır: “Siz Azərbaycanda fəaliyyətinizə tamamilə fərqli mühitdə başlayırsınız. Çünki Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir”.

“Bizim mövqeyimiz çox aydındır. Biz bunu vurğulamışıq və ictimai şəkildə bir neçə vacib təkliflər irəli sürmüşük ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik və normal qonşuluq münasibətlərinə gətirib çıxara bilər” deyən İlham Əliyev bildirib ki, ölkəmiz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid edir: “Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq. Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir”.

Dövlət başçısı sonda bir daha mədəniyyətimizə böyük ehtiramın nümunəsinə görə səfirə təşəkkür edib.

Fergus Auld Azərbaycan dilini öyrənməsi barədə danışaraq bildirib ki, ilk dəfə ölkəmizə illər öncə Azərbaycan dili tələbəsi kimi gəlib: “Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar”.

Diplomat vurğulayıb ki, Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır. O, həmçinin 2020-ci ilin oktyabrında Gəncə şəhərinin Ermənistan tərəfdən məruz qaldığı raket hücumunun ikinci ildönümü ilə bağlı həmin faciədə həlak olanların ailələrinə, eləcə də iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığı verib.

Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm. Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq”.