“Qırğızıstan qardaş Azərbaycanla uzunmüddətli əməkdaşlığa və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib. Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Qırğızıstanın dövlət başçısı Sadır Japarov qarşılayıb.

Prezident İlham Əliyev rəsmi görüşlərdən öncə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.

Məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – “Ataların məzarlığı” adlandırılıb. Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir. Kompleksdə qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.

Oktyabrın 11-də Bişkekdəki Ala-Arça dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Sonra prezidentlər İlham Əliyevin və Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.

Azərbaycan Prezidentini salamlayan Sadır Japarov deyib: “Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il “Dostluq və əməkdaşlıq haqqında müqavilə”nin 25 illiyini qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Bu ilin aprel ayında Bakıya səfərini xatırladan Sadır Japarov Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri yenidən müzakirə etmək fürsətinə görə də məmnunluğunu bildirib: “Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib. Aprel ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyanın xətti ilə əməli surətdə həyata keçirilib, İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan-Azərbaycan Dostluq parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır”.

Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev yarım il öncə Bakıda keçirilən görüşü məmnunluqla xatırlayaraq deyib: “Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”.

İkigünlük səfər müddətində tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək üçün fürsət olacağını deyən Prezident İlham Əliyev iki ölkə arasında əmtəə dövriyyəsinin mövcud potensiala uyğun olmadığını bildirib: “Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətdar anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qardaşlıq xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək”.

***

Oktyabrın 11-də Bişkekdə prezidentlər İlham Əliyevin və Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası da keçirilib.

İclas başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında saziş imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq parkının açılışı olub. Prezidentlər İlham Əliyev və Sadır Japarov mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri haqqında daha ətraflı qəzetin növbəti sayında.