“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının builki qalibləri arasında Azərbaycan Milli Xalça Muzeyi də var. Mükafat muzeyin direktoru Şirin Məlikovaya təqdim olunub.

Azərbaycan Milli Xalça Muzeyi davamlı şəkildə kolleksiyalarını nadir sənət inciləri ilə zənginləşdirir, ekspozisiyasını yeniləyir. Xarici ölkələrlə əməkdaşlıq əlaqələrini də genişləndirən muzey bu istiqamətdə sərgilər, tədbirlər təşkil edir, beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar keçirir. Milli Xalça Muzeyi eyni zamanda ölkəmizin ilk inklüziv muzeyi kimi fiziki məhdudiyyətli şəxsləri də daim diqqətdə saxlayır.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan Milli Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi-2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına, ardıcıl olaraq bir neçə il “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb, həmçinin ölkəmizin ən çox ziyarət edilən muzeyi olub. “Humay” milli mükafatına layiq görülməsi də muzeyin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.