Xəbər verdiyimiz kimi, görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda qızının yanında dünyasını dəyişib.

Oktyabrın 12-də sənətkarla Bakıdakı Təzəpir məscidində vida mərasimi təşkil olunub. Mərasimdə mərhumun ailəsi və yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı, oğlu İlkin Süleymanov çıxış edərək bəstəkarın vəfatından doğan kədərlərini dilə gətirib, mərasim iştirakçılarına təşəkkürlərini bildiriblər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Ruhəngiz Qasımovanın daima xatirələrdə yaşayacağını deyib: “Biz hamımız bir gün bu dünyadan köçəcəyik, bu, təbiətin qanunudur. Bizi yaşadan özümüzdən sonra qoyacağımız mirasdır. Ruhəngiz xanımın mirası onun sənət əsərləri, gözəl bəstələridir”.

Xalq artist Murad Dadaşov gözəl insan, gözəl dost, həm də istedadlı bir bəstəkarı itirdiklərini bildirib. Deyib ki, sənətkar gözəl mahnılar yadigar qoyub.

Vida mərasimindən sonra Ruhəngiz Qasımova Yasamal qəbiristanlığında ilə üzvlərinin məzarı yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.