Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşan VIII Bakı Beynəlxalq Kitab Sərgisində ölkəmizin aparıcı muzey və kitabxanaları fəal iştirak ediblər.

Milli Azərbaycan Tarixi Muzeyi də sərgidə zəngin nəşr kolleksiyası – kitab, kataloq, albom və s. nümayiş etdirib.

Sərgidə eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinin "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərginin əsərləri də nümayiş olunub. Qeyd edək ki, Tarixi Muzeyində sözügedən sərgi bu ilin iyununda əlilliyi olan rəssam uşaqların iştirakı ilə keçirilib.  Kitab sərgisinin ziyarətçiləri, yerli və xarici qonaqlar, həmçinin Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam və başqaları rəsmləri böyük maraqla izləyiblər.

Xatırladaq ki, "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlıdır.